El arasında katarakta xəstəliyinə "mirvari suyu" adı verilmişdir. Bəs mirvari suyu və ya katarakta adlandırılan xəstəlik nədir? Katarakta - gözün şəffaf büllurunun bulanması nəticəsində yaranır. Katarakta nəticəsində işıq şüasının gözə daxil olmasında maneələr yaranır və beləliklə, göz zəifləyir. Bu halda büllur öz şəffaflığını qismən və ya bütövlükdə itirə bilər.
Katarakta bir və ya hər iki gözdə ortaya çıxa bilər.
Katarakta bir neçə səbəbdən meydana çıxa bilər; anadangəlmə, travmatik katarakta, qocalıqla bağlı yaranan katarakta və s.
Kataraktanın simptomları
Nəzərə almaq lazımdır ki, kataraktanın simptomlarının inkişafı büllur bulanıqlarının harada yerləşməsi ilə bağlıdır. Belə ki, katarakta büllurun kənar hissəsində yaranıbsa, pasiyentlər dəyişiklik hiss etməyə də bilir. Bulanma əlaməti büllurun mərkəzinə nə qədər yaxın olarsa, görmə qabiliyyətində də bir o qədər problemlər ortaya çıxmış olur.
Siz bunu necə hiss edirsiniz? Belə ki,..
1) Ətrafınızdakı əşyaları dəqiq seçə (görə) bilmirsiniz,
2) torlu şəkildə (bulanıq) görürsünüz,
3) onların konturları silinmişdir,
4) Bəzən bir şəkil və ya cisim gözünüzdə qoşa şəkildə görünə bilər.
Bundan əlavə, çox vaxt xəstələrdə işıqdan qorxma hissi yaranır. Və ya onlar bir gözləri ilə çox yaxşı görürlər, digər gözlə isə zəif.
Kataraktanın ilk simptomları ortaya çıxdığı zamandan etibarən müayinə üçün müraciət etmək və dərhal müalicə olunmaq zəruridir.